Məhəmməd Əmin Rəsulzadənin “AMERİKANIN SƏSİ” RADİOSUNDAN AZƏRBAYCANA MÜRACİƏT

“AMERİKANIN SƏSİ” RADİOSUNDAN AZƏRBAYCANA MÜRACİƏT

Əziz vətəndaşlarım! “Amerikanın səsi” radiosunun verdiyi imkanlardan istifadə edərək, bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 Mayısda sizlərə xitab edirəm. 100 il sürən çar əsarətindən sonra, bundan 35 il əvvəl Azərbaycan Şurayi-Millisi Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan Vətənimiz siyasət sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda ya-pılan tarixi savaşların ən qanlısı XIX əsrin başlarında Rusiya çarlığına qarşı yapılmışdır. 30 ilə qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad xanın 1804-cü ildə Gəncədəki şanlı qəzası dillərdə dastandır. “Ölmək var, dönmək yoxdur!”- bu, həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır. 28 Mayıs 1918-ci ildə istiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda o, zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. “Hər millət öz müqəddəratını özü həll etməyə səlahiyyatdardır” düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. İstiqlal elanı üzərinə qurulan milli Azərbaycan hökuməti az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mən edilən (məhrum edilən) Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında dövlət idarəsinə yaxın buraxılmayan azərbaycanlılardan zabıta və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı az zamanda oxutmağa  başladı. Türkcəni dövlətin rəsmi dili elan etdi. Orta və ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində xalq nümayəndələri cavabdeh bir hökumət üsuli-idarəsi yaratdı. Hakimiyyət Millət Məclisinin əlində idi. Parlamentodan etimad almadıqca heç bir Hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı. O zaman indi sovet zamanında olduğu kimi terror deyilən şeydən heç bir əsər yoxdu. Şəxslər də, məskənlər də əmin və amanda idi. Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı istədiyi zaman hara istərsə gedərdi. Qonşu və Avropa dövlətləri ilə dostluq münasibətləri təsis edilmişdi. Bütün millətlərlə alış-veriş vardı. Bütün bunların nəticəsində idi ki, Cümhuriyyətimizin istiqlalı Avropa dövlətləri ilə Birləşik Amerika tərəfindən tanındı. Onları təqibən böyük bir çox dövlətlər də istiqlalımızı tanıdılar. Türkiyə ilə İran Azərbaycanla münasibətə gəldilər. Aralarında dostluq və qardaşlıq müqavilələri imzalandı. 12 Yanvar 1920 Cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi. Bu günü Azərbaycan xalqı candan bayram etdi. Haqlı idi. Bu həqiqətən böyük bir bayramdı. Çünki, bu gündən etibarən Azərbaycan davası Rusiyanın bir iç məsələsi olmaqdan çıxmış, millətlərarası bir məsələ olmuşdu. Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşdi və bu irəli dünya demokratiyası tərəfindən təqdirlə qarşılandı. 100 ildən bəri üstümüzə çökən istibdad və istila artıq bizdən uzaqlaşdı

Heyhat! Qədər (tale) imtahanları tamam deyildi. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Bala azadlıq istiqlalımız qızıl istilaçıların ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl 28 Apreldə sovet propaqandaçıları (təbliğatçıları) bu qanlı istila hərəkatını sizə azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sizdə sizə dünyanın ən azad və demokrat rejimi kimi qələmə verilən sovet quruluşu işdə qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız bunun nə qədər doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığımızı əlimizdən alan millətdən qorxmurlarsa dəmir pərdəni qaldırsınlar, Azadlıq elan etsinlər. Edə bilməzlər. Çünki ağla qara meydana çıxar. Onlar şəptərə (yarasa) kimidirlər, günəşdən qaçarlar. Azərbaycan, onunla bərabər bütün Qafqasiya Cümhuriyyətləri həqiqi azadlıq və istiqlalına 1918-ilin Mayısında qovuşdular. 1920-ci ildə isə bu azadlıq və istiqlal qızıl rus ordusu tərəfindən üstün qüvvətlərlə qanla və atəşlə basdırıldı. Faciələr və qəhrəmanlıqlarla dolu olan bu mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920-ci il istilasına qarşı, 1918 istiqlal haqqını müdafiə edən Qafqasiya millətləri indi 33 ildir ki, müxtəlif vasitələrlə mücadilə edirlər. Zamanzaman dramatik şəkillər alan bu mücadilədə vaxtıyla yalançı kommunist şüarlarına aldanaraq yol açmış bəzi vətəndaşlar belə, bütün həqiqi milliyyətçilər və vətənpərvərlər cəbhəsinə keçmişlərdir. Yabançı istilası üzərinə əcnəbi məmləkətlərə çıxmış olan Qafqasiya emiqrantları (mühacirləri) milli istiqlal davasını mədəni dünya əfkari-ümumiyyəsinə (ictimaiyyətinə) anlatmaqdadırlar. Bu vəzifeyi-ifadə nə kimi müşküllərə uğradığımızdan bəhs etməyin burada yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə kommunist rejiminə düşən millətlərin hər türlü haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad dünyaya anlatmaq çox kolay (çətin) olmamışdır. Şükür ki, hadisələr bizə kömək edir. Dünya sovet həqiqətini görməyə başlayır. Səkkiz ildən bəri hərbi bitirmişkən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm (böyük) bir dövlət halında ayaqda durduqca və dünya inqilabı atəşi ilə yandırmaq üçün könlü çəkdikcə yer üzündə heç bir zaman sülh və asayiş buluna (tapa bilməyəcək) bilməyəcəkdir. Azadlıq cahan-şümul(dünyanı əhatə edən) bir fikirdir: “Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz”. 1918 Mayısındakı tarixi qərarları ilə azad millətlər cəbhəsində yer alan Qafqasiya millətlərinin müqəddəratları azad millətlərin müqəddaratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür, amma onun iki üzlü sistemi – stalinizm hələ ayaqdadır (qalmaqdadır). Bu sistem gün keçdikcə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haqq ilə batil, yalan ilə doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parlayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqla-rını tutan tərəf qalib gələcəkdir. Bu qabiliyyət qüvvəsi qızıl istibdad zülmü altında inləyən əziz Vətənimizdə 1918-ci ilin 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz

Vətəndaşlar! Üç rəngli İstiqlal bayrağını döşlərində gəzdirən buradakı Vətən ayrısı bizlərdən, orada hər türlü (formada) qorxu və təhdid altında qəlbləri istiqlal eşqi ilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişi ilə dilə gətirirəm: Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

Azərbaycan istiqlalının 35 illiyi ilə bağlı 1953 cü ildə “Amerikanın səsi”radiosundan Azərbaycana müraciəti. “Azərbaycan” jurnalı, Анкара, 1984 cü il, №247, ил 33, səh.13-15 N. Yaqublu.” Məmməd Əmin Rəsulzadə”. Bakı, 1991-ci il, s. 201-203


You might also like